Hava nəqliyyatının inkişafı Azərbaycanda prioritet məsələlərdən biridir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılış mərasimində bəyan edib.
“Bunun üçün dövlət öz dəstəyini əsirgəmir. Son illərdə hava nəqliyyatının inkişafına böyük dövlət investisiyaları qoyulub”, - deyə dövlət başçısı bildirib.
O qeyd edib ki, son 10 il ərzində 7 yeni aeroport tikilib. Onlardan 5-i beynəlxalq statusa malikdir.
“Son illər ərzində AZAL-ın hava parkı tam modernləşdirilib. Bu günə həmin parkda 25 təyyarə var. Yaxın gələcəkdə yeni, böyük təyyarələrin alınması da nəzərdə tutulur”, - deyə İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, bu aeroporta dünyanın ən nəhəng təyyarəsi olan “Airbus A 380” də enə bilər.
“Azərbaycan dövləti bundan sonra da hava nəqliyyatının inkişafına öz dəstəyini verəcək. Bu gözəl şərait, maddi dəstək və hava nəqliyyatının infrastrukturuna qoyulan vəsait, eyni zamanda, milli aviaşirkətimizin inkişafına da öz təsirini göstərib. Bu gün AZAL dünya miqyasında seçilən hava şirkətlərindəndir”, - deyə prezident bəyan edib.
O qeyd edib ki, Azərbaycanın coğrafi cəhətdən olduqca əlverişli mövqedə yerləşməsi ölkəmizin dünyanın hava nəqliyyatı sistemindəki rolunu və yerini daha da artırır.
“Bakını nəqliyyat-logistika mərkəzinə çevirməyə çalışırıq, mən hesab edirəm ki, biz buna nail olmuşuq. Bu istiqamətdə əlavə tədbirlər nəticəsində biz regionda imkanlarımızı daha artıracağıq. Beləliklə, Azərbaycan dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi öz rolunu bundan sonra da oynayacaq”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, hələ bir neçə il əvvəl ölkənin əlverişli coğrafi vəziyyətindən daha səmərəli istifadə məqsədilə milli nəqliyyat infrastrukturunun inkişafının zəruriliyi barədə danışıb. Təsadüfi deyil ki, Azərbaycanda ən böyük dövlət investisiyaları nəqliyyat sektoruna qoyulub.
Dövlət başçısı, həmçinin quru və dəniz nəqliyyat növlərinin inkişafının zəruriliyini vurğulayıb və Xəzər Gəmiçiliyinin “AZAL”ın inkişaf səviyyəsinə çatdırılmasının qarşıya məqsəd qoyulduğunu deyib.
Prezident qeyd edib ki, Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanı da Azərbaycanda tikilir. Bu il bu limanın birinci mərhələsi başa çatacaq, istifadəyə veriləcək. Gələn il Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışı olacaq.
O, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin də uğurla davam etdiyini bəyan edib. “Azərbaycanın payına düşən tikinti işləri artıq bu ilin sonuna qədər tamamlanacaq və ümid edirəm ki, gələn ildən başlayaraq bu yol tamamilə açıla bilər. Beləliklə, Asiya ilə Avropanı birləşdirən ən rahat, qısa yol Azərbaycandan keçəcək”, deyə İ.Əliyev bildirib.