Azərbaycanın Rus İcması müəyyən dairələrə RF prezidentinin imzaladığı Rusiya vətəndaşlığı almaq üçün sadələşdirilmiş prosedur haqqında qanundan Azərbaycanda sabitliyi pozmaq məqsədilə istifadə etməyə imkan verməyəcək. Bu barədə Milli Məclisin deputatı, Rus İcmasının sədri Mixail Zabelin bəyan edib.
“Rus İcması müəyyən dairələrə Azərbaycanda gərginlik yaratmaq məqsədilə həmin sadələşdirilmiş prosedurlardan istifadə etməyə imkan verməyəcək”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
“Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən Dağlıq Qarabağa gəlincə, Rusiya Qarabağda Rusiya vətəndaşlığının qəbul edilməsinə razı olmayacaq”, - deyə M.Zabelin söyləyib və vurğulayıb ki, bu məsələni Rusiyanın Azərbaycandakı səfiri ilə müzakirə edib.
Müəyyən dairələrin ölkənin ərazi bütövlüyünü pozmaq məqsədilə Azərbaycanda yaşayan milli azlıqları Rusiya vətəndaşlığını qəbul etməyə sövq etmək üçün təbliğata başlayacağı halda Bakının milli maraqlarına mümkün təhlükə ilə bağlı məsələni şərh edən parlamentin üzvü bəyan edib ki, “hazırda bu məsələ ümumiyyətlə qaldırılmır”.
“Bu, əlbəttə ki, ağılsızlıqdır. Bu mümkün deyil. Rusiya vətəndaşlığı almaq üçün sadələşdirilmiş prosedur haqqında qanun, əsasən, Ukraynada baş verən hadisələrlə əlaqədar qəbul edilib”, - deyə M.Zabelin bildirib.