Azərbaycanlı musiqiçilər Qahirədə illik Beynəlxalq zərb alətləri və ənənəvi incəsənət festivalında ("The International Festival for Drums and Traditional Arts "Drums Dialogue for Peace") böyük uğurla çıxış ediblər. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Misirin Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş beynəlxalq festival Qahirədəki "Səlahəddin" qəsr kompleksinin səhnəsində keçirilir.
Xalq yaradıcılığı festivalında Azərbaycan, Türkiyə, Misir, İordaniya, Yunanıstan, Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələri də daxil olmaqla 20-dən çox dövlətin nümayəndələri iştirak edib.
Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri Pərvin Əfəndiyevanın, həmçinin musiqiçilərimizdən Gülnar Həşimovanın (xanəndə), Elşən Tahirovun (tar), Qönçə Mehdiyevanın (kamança), Zəminə Babayevanın (qanun), Elnur Hüseynovun (balaban), Mehman Xaliqzadənin (nağara) və Qurban Abasovun (zərb) daxil olduğu “Əhsən” instrumental ansamblı tamaşaçılara koloritli Azərbaycan milli musiqisini təqdim ediblər.
Tamaşaçılar Azərbaycan musiqiçilərinin ərəb dilində ifalarını və "Sarı gəlin" xalq mahnısını böyük maraqla qarşılayıblar.
Musiqiçilərimizi Azərbaycanın Misirdəki səfirliyinin nümayəndələri və diaspor təşkilatlarımızın üzvləri və tələbələr dəstəkləyiblər.