Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynada ÜDM-in bu il 5% azalacağı barədə proqnozlar fonunda bu ölkəyə $17 mlrd. məbləğində stabilləşdirici kredit verməyi tövsiyə edib. Bu barədə “Bloomberg” agentliyi hökumətdəki mənbəyə istinadən məlumat verir.
Agentliyin məlumatına görə, aprelin 22-də fondun analitikləri BVF-nin İcra Şurasına Ukrayna üçün kredit proqramı haqqında məruzə təqdim ediblər. Məruzə müəllifləri Şuranın aprelin 30-da keçiriləcək iclasında yardım məsələsinə baxmağı təklif edirlər.
Ukrayna hökuməti ilə bir neçə həftə davam edən məsləhətləşmələrin yekunları üzrə BVF belə bir nəticəyə gəlib ki, ölkəyə $14-18 mlrd. məbləğində kredit lazımdır. BVF ilə saziş Ukraynaya Aİ, ABŞ və digər xarici kreditorlardan maliyyə yardımının göstərilməsinə yol açacaq.
BVF-nin nümayəndəsi Konni Lots məsələyə şərh vermək istəməyib.
BVF-nin məruzəsində Ukraynanın iqtisadi perspektivləri və maliyyə ehtiyacları, eləcə də kreditin alınması üçün lazım olan islahatlar öz əksini tapıb. Fondun analitikləri bu il ölkədə ÜDM-in 5% azalacağını gözləyir. Hökumət isə azalmanın 3% təşkil edəcəyini proqnozlaşdırır.