Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) binasında dini icmalar arasında “Tolerantlıq Kuboku” uğrunda ənənəvi mini futbol turnirinin püşkatma mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı komitənin mətbuat xidmətindən məlumat verilib.
Mərasimdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, dini konfessiyalar arasında keçirilən bu yarış sadəcə futbol turniri deyil, eyni zamanda Azərbaycanın dünyaya örnək ola biləcək tolerantlıq modelinin əyani sübutudur.
Qeyd edilib ki, bu cür tədbirlər dünya praktikasında eyni dini konfessiyaya mənsub icmalar arasında keçirilsə də, müxtəlif dinlərə mənsub icmalar arasında təşkil edilməsi yalnız Azərbaycanda baş tutub.
G.İsmayılovun fikrincə, belə tədbirlər dini icmalar arasında mövcud olan sağlam mühitin daha da möhkəmlənməsinə xidmət edir.
16 komanda arasında püşkatma keçirilib. Aprel ayının 25-dən etibarən oyunlara start veriləcək. Turnirdə müsəlman, xristian və yəhudi dini icmalarının komandaları iştirak edirlər.
Turnir DQİDK-nın təşkilatçılığı və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə keçirilir və
eks-prezident Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilib.
İlk bu cür turnir 2013-cü ildə keçirilib.