2014-cü il aprelin 1-nə olan vəziyyətə görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməyə başladığı dövrdən Azərbaycanın əldə etdiyi mənfəət neftinin ümumi həcmi 175 mln. ton təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“2013-cü ildə AÇG blokundan 32,7 mln. ton neft hasil olunub ki, bunun da 22,5 mln. tonu və ya 68,8%-i Azərbaycanın mənfəət neftinin payına düşüb”,- deyə şirkətdən bildirilib.
1995-2013-cü illərdə ölkənin neft-qaz sektoruna $51,6 mlrd. məbləğində investisiya qoyulub.
“Azəri-Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları BP (35,78%, “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), “ONGC Videsh Limited” (2,72%), “Inpex” (10,96%), “Itochu” (4,3%), SOCAR (11,65%), “Statoil” (8,56%) və TPAO (6,75%) şirkətləridir.
“Çıraq” yatağından neft hasilatına 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 21-dən, “Günəşli” yatağının dərinsulu hissəsindən isə 2008-ci il aprelin əvvəllərindən başlanılıb.