Azərbaycan "Şəbəkələşmə hazırlığı indeksi" göstəricisinə görə dünyada 49-cu yerə yüksəlib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bu barədə Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış "Qlobal informasiya texnologiyaları hesabatı 2014" ("The Global Information Technology Report 2014") adlı illik hesabatda bildirilir.
"Şəbəkələşmə hazırlığı indeksi" göstəricisinə görə Azərbaycan 2013-cü ildə olduğu 56-cı yerdən 2014-cü ildə 49-cu yerə yüksəlib.
“Azərbaycan "ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi" reytinqinə görə dünyada 1-ci yerdə qərarlaşıb. Bu da ölkənin tamamilə mobil şəbəkə siqnalı ilə təmin olunması deməkdir”, - deyə məlumatda qeyd edilir.
Eyni zamanda "Şəbəkələşmə hazırlığı indeksi"nin formalaşmasına təsir edən İKT-nin əsas komponentlərinə görə Azərbaycan hər 100 nəfər arasında internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu, genişzolaqlı internet abunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır.
Şirkətlərin innovasiya qabiliyyətinə görə ölkəmiz MDB-də ən yüksək, ümumən dünyada isə 35-ci pilləni tutur.
Yuxarı orta gəlirli ölkələrlə müqayisədə Azərbaycan hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 6-cı yeri tutub.
MDB-də lider olmaqla, Azərbaycan İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 11-ci yeri tutur.
Hesabata əsasən, Azərbaycan Avropada İtaliya (58-ci yer), Polşa (54), Slovakiya (59) və Monteneqronu (52), eləcə də qonşu ölkələrdən Türkiyə (51), Gürcüstan (60) və İranı (104) qabaqlayıb.