Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları on il əvvəl törədilmiş qətlin üstünü açıblar. Bu barədə DİN və Baş Prokurorluğun birgə məlumatında bildirilir.
Bu cinayətin törədilməsində şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Rafiq Nurmetov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.3 (Qəsdən adam öldürmə - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 232.2.3-cü (Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Xətai rayon Prokurorluğunda qaldırılan cinayət işinin materiallarında bildirilir ki, 2004-cü il avqustun 4-də naməlum şəxs Babək prospektində xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin polis nəfəri Asif Həmidovu qətlə yetirib və ona məxsus "Makarov" tipli xidməti tabel silahını götürərək hadisə yerindən qaçıb.
R.Nurmetov istintaqa ifadəsində bildirib ki, 2004-cü il avqustun 4-də gecə saatlarında sərxoş halda polis əməkdaşına yaxınlaşıb və aralarında yaranmış münaqişə zəminində yerdən götürdüyü dəmir parçası ilə onun baş nahiyyəsinə bir neçə zərbə vurub, huşsuz vəziyyətdə olduğunu görüb xidməti silahını götürərək qaçıb. Hadisədən iki ay sonra R.Nurmetov həmin tapançanı 600 ABŞ dollarına Əhmədli qəsəbəsində yaşayan Natiq adlı şəxsə satıb.
İstintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər ehtiyatsızlıqdan adam öldürmə cinayətinə görə məhkum olunmuş Natiq Orucov saxlanılıb. O, R.Nurmetovdan aldığı silahı Binə qəsəbəsində yaşayan qardaşı Tofiqə məxsus evin həyətində gizlətdiyini etiraf edib.
Həmin həyətə baxış zamanı içərisində 8 ədəd patronu olan sandıqça ilə birlikdə «Makarov» tipli tapança, 23 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 qumbarası və 1 qutu trotil aşkar olunaraq götürülüb.