Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət) ictimai xidmətlər göstərilməsinin uğurlu modelidir.Xidmət qısa vaxt ərzində Azərbaycanın bir çox vətəndaşlarının həyatında əhəmiyyətli və pozitiv dəyişikliklər edib.Avropa Birliyinin (AB) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard belə söyləyib.
AB-nin Bakı nümayəndəliyinin mətbuat xidmətinin məlumatına əsasən M.Mard agentlikdə olub və ASAN xidmətin sədri İnam Kərimovla görüşüb.
AB ASAN xidmətə İSO 9001:2008 sertifikatının alınmasına dəstək göstərilməsi üzrə layihəni başa çatdırırb.
M.Mard ilə görüşdə İ.Kərimov ASAN xidmətin iş prinsiplərini təqdim edib və 2012-ci ildə yaradılan qurumun bu günə qədər qazandığı uğurlardan danışıb.Hər iki tərəf xidmətlərin asanlaşdırılmasında islahatların və elektron xidmət növlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
AB nümyəndəsi İ.Kərimovu sertifikat alması münasibəti ilə təbrik edib.
“AB ASAN xidmətlə əməkdaşlıq edən ilk beynəlxalq tərəfdaşlar sırasında olmaqdan məmnundur və biz ümid edirik ki, gələcəkdə də əməkdaşlıq üçün imkanlar axtarmağa davam edəcəyik, çünki ASAN xidmət öz xidmət spektrini inkişaf etdirməkdə davam edəcək”,- deyə M.Mard qeyd edib.
AB ASAN xidmətin İSO sertifikatı alması üçün 2013-cü ilin sentyabr ayından 2014-cü ilin aprel ayına qədər davam edən layihəyə 300,000 avro sərf edib.