Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 90 illiyi münasibətilə bu təşkilatın 77-ci konqresinin Bakıda keçirilməsi qərarı Azərbaycan üçün böyük və önəmli hadisədir. Bu barədə prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubda qeyd edilir. Məktubu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.
Məktubda bildirilir ki, 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunandan sonra ölkədə azad və demokratik mətbuat formalaşıb. Çoxsaylı qəzet, televiziya kanalı, radiostansiya, jurnal və internet resursları arasında idman KİV-lərinin sayı 60-a yaxındır.
Prezident məktubunda bu tədbirin dünya idman KİV nümayəndələri arasında mövcud əlaqələrin möhkəmlənməsi və yeni münasibətlərin qurulmasına təkan verəcəyinə əminliyini bildirib.
Aprelin 27-də Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi başlayıb. Konqres təşkilatın 90 illiyi ilə üst-üstə düşüb. Bu tədbirin Bakıda keçirilməsinə dair qərar 2012-ci ildə qəbul olunub. Tədbirdə dünyanın 110 ölkəsindən 250-dən artıq təmsilçi, həmçinin müxtəlif idman təşkilatlarının nümayəndələri iştirak edirlər.