Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin Rusiya Federasiyasının Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına salan bəyanatı ilə əlaqədar təəssüfləndiyini deyib.
“Səmimi demək istəyirəm ki, mən bu bəyanatlara görə utanıram”,- deyə V.Doroxin ANS telekanalının “Hesabat” verilişinə müsahibəsində bildirib.
“V.Jirinovski qanunverici orqanın nümayəndəsidir. Mən icraedici hakimiyyəti təmsil edirəm. Mən ona nə deməli olduğu barədə göstəriş verə bilmərəm. Səfir və Rusiya Federasiyasının vətəndaşı kimi mənim öz mövqeyim var. Və səmimi demək istəyirəm ki, mən bu bəyanatlara görə utanıram. Məni eşidənlərə, bu sualı məndən indiyə qədər soruşanlara demək istəyirəm ki, Rusiyanın Azərbaycanla bağlı siyasətini Jirinovski müəyyən etmir. Rusiyanın Azərbaycan, həm də digər ölkələrlə bağlı siyasətini prezident Vladimir Vladimiroviç Putin müəyyən edir”,- deyə səfir qeyd edib.
“Onun Azərbaycanla bağlı hansı mövqe tutduğunu bilirsiniz. Bu yanaşmanın bəzi elementləri ilə bağlı sizə danışa bilərəm. Mən bir məqamı da deyim. Vladimir Volfoviç Lavrova məktub yazıb ki, məni Bakıdakı səfir postundan geri çağırsınlar. Mənim bəzi çıxışlarım onun xoşuna gəlmədi və o, mənim ölkəni pis təmsil etdiyimi bəyan edərək geri çağırılmamı istədi. Bu iki il əvvəl olmuşdu, görürsünüz ki, mən burdayam. Bu da onun siyasəti müəyyənləşdirməməsinə, mənim dediyimə daha bir təsdiqdir”,- deyə V.Doroxin əlavə edib.