Ukraynada baş verən hadisələr Moskva və Bakının münasibətlərinə mənfi təsir göstərmir. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin ANS telekanalında “Hesabat” verilişinə müsahibəsində bildirib.
“İndi hamının diqqəti Ukraynadadır. Biz hamımız bununla bağlı gərginlik yaşayırıq. Amma demək istəyirəm ki, bu məsələ ilə bağlı Moskva və Bakı bir-birini tam olaraq anlayır”,- deyə səfir qeyd edib.
V.Doroxin qeyd edib ki, Azərbaycan və Rusiya arasında daimi əlaqələr davam edir, “biz bir-birimizi yaxşı tanıyır və eşidirik”.
Onun sözlərinə görə, “Rusiya öz sərhədlərini açır, rusları bir yerə yığır, gəlin yenidən Rusiya torpağında birləşək, Rusiya imperiyasını və ya Sovet İttifaqını bərpa edək” kimi mülahizələrin heç bir əsası yoxdur.
“Mənim prezidentimi neoimperiya ambisiyalarında ittiham edirlər, deyirlər ki, o, Sovet İttifaqını bərpa etmək qərarına gəlib, Gürcüstandan başlayıb, sonra Ukrayna olub. Bəzi sizin politoloqlar deyirlər ki, növbəti Azərbaycan olacaq. Tamamilə doğrudur, mən demək istəyirəm ki, bizim prezident mənim fikrimcə, bu suala ən yaxşı cavab olan bir ifadəni təkrar etməyi xoşlayır. Bu ifadə belədir: SSRİ-nin dağılmasından heyfslənməyinin ürəyi yoxdur. Onun bərpasını mümkün sayanların isə başı yoxdur. Hesab edirəm ki, bu, sizin mənə verdiyiniz suala ən yaxşı cavabdır”,- deyə V.Doroxin bildirib.