Aprelin 29-dan mayın 1-nə qədər Azərbaycanda Moldova Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbir Azərbaycan və Moldova arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsi məqsədi ilə keçiriləcək.
Azərbaycanda Moldova Mədəniyyəti Günlərinin keçirilməsi haqqında qərar 2012-ci ilin noyabr ayında ikitərəfli hökumətlərarası komissiyanın iclasında qərara alınıb. Həmin il Moldovada Azərbaycan Mədəniyyəti Günləri keçirilib.
Moldova nümayəndə heyətinə bu ölkənin mədəniyyət naziri Monia Babuk rəhbərlik edəcək. Mədəniyyət günlərinin təntənəli açılış mərasimi aprelin 29-da Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Tədbirlər aprelin 30-da Sumqayıtda davam edəcək.
Mədəniyyət Günləri çərçivəsində moldovalı fotoqraf Mixay Potırnikenin sərgisi təşkil olunacaq. Sərgidə rəssamın 37 işi nümayiş etdiriləcək.