Avstriyanın “EDL/Porner” şirkəti “Azərneftyağ” NEZ-dən iki qurğunun H.Əliyev adına BNEZ-ə köçürülməsinin texniki iqtisadi əsaslandırılmasını hazırlayır. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) rəsmi saytında məlumat verilir.
“Söhbət “Azərneftyağ” neft emalı zavodundan ED-AVQ-2 və bitum qurğularının köçürülməsindən gedir”, - deyə məlumatda qeyd edilir.
Məlumatda vurğulanır ki, prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində “Avro-3”, “Avro-4” və “Avro-5” standartlarına keçidin sürətləndirilməsi ilə əlaqədar tədbirlərin icrası ilə bağlı SOCAR-ın emal müəssisələrində mühüm işlər görülür.
Xüsusilə ekoloji mühitin yaxşılaşdırılması məqsədilə Heydər Əliyev adına Bakı neft emalı zavodunda mayeləşdirilmiş qazların və yüngül benzin faraksiyaların kükürdlü birləşmələrdən təmizlənməsi üçün UOP şirkətinin texnologiyası əsasında “Meroks” qurğularının tikintisi planlaşdırılır. Hazırda bu qurğunun layihələndirilməsi üzrə işlər aparılır.
Bundan başqa, ABŞ-ın UOP şirkəti tərəfindən zavodun 55 nömrəli katalitik krekinq qurğusunun məhsuldarlığının ildə 3 milyon tona çatdırılması üçün layihələndirmə işlərinə başlanılıb.
İtaliyanın “Foster Wheller” şirkəti tərəfindən hazırlanmış texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq 21 nömrəli ED-AVQ-6 qurğusunun məhsuldarlığının ildə 7,5 milyon tona çatdırılması nəzərdə tutulur.
Daha əvvəl SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanova istinadən məlumat verilib ki, ARDNŞ fəaliyyətdə olan neft emalı və neft-kimya güclərinin stabil işi üzrə uzunmüddətli proqram hazırlayır.
“Bu, H.Əliyev adına NEZ və bir sıra neft-kimya müəssisələrinə aiddir. Burada müəyyən yenidənqurma və stabilləşdirmə işlərinin aparılması planlaşdırılır ki, onlar 2023-cü ildə yeni neft emalı gücləri istismara verilənə qədər 10-12 il ərzində stabil işləyə bilsinlər”, - deyə T.Qəhrəmanov qeyd edib.
“Azərneftyağ” NEZ-ə gəlincə, o bildirib ki, SOCAR iki il ərzində bu müəssisənin sökülməsi üzrə işləri həyata keçirməyi planlaşdırır və qurğunun köçürülməsi 9-12 ay vaxt apara bilər.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) strukturuna daxildir.