Heydər Əliyev adına İvanovka kənd orta məktəbində rus dili və ədəbiyyatı üzrə Respublika olimpiadasının növbəti turu keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Olimpiadanın təşkilatçıları Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi, Təhsil Nazirliyi və Rusdilli Tədris
Müəssisələrinin Müəllimləri Assosiasiyasıdır.
Olimpiadada İsmayıllı və Qəbələ rayonlarının məktəbliləri iştirak ediblər.
Heydər Əliyev adına İvanovka kənd orta məktəbinin direktoru Mixail Uryupin, “Rossotrudneçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Rusdilli Tədris
Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina və İsmayıllı rayon təhsil şöbəsinin nümayəndəsi Hümbət Əsədov məktəblilərə, müəllimlərə və valideynlərə müraciət edərək onlara uğurlar arzulayıblar.
Olimpiada iştirakçıları test tapşırıqlarını yerinə yetirib, rus şairi Mixail Lermontovun əsərləri haqqında biliklərini nümayiş etdiriblər.
Rus dili və ədəbiyyatı üzrə VI Respublika olimpiadasının yekunları iyunun 6-da, A.S.Puşkinin doğum günü və Rus Dili Günündə Bakıda elan ediləcək.