SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Ümid” yatağından qaz və kondensatın sahilə nəql olunması üçün boru kəmərlərinin tikintisini bu yaxınlarda başa çatdırmağı planlaşdırır. Bu barədə şirkətin saytında məlumat verilir.
“Kondensat üçün 16 düyməlik qaz və 8 düyməlik kondensat boru kəmərinin çəkilməsi işləri ”Neftqaztikinti” Tresti tərəfindən 2012-ci ildən başlanılıb və yaxın günlərdə başa çatacaq. Bu günə kimi “Süleyman Vəzirov” boru düzən gəmisi ilə 36 km boru kəməri çəkilib”, - deyə məlumatda qeyd olunur.
“Ümid-1” platformasından qazın sahilə nəql edilməsi üçün birinci boru kəməri 2012-ci ilin sentyabrında istismara verilib.
Xəbər verildiyi kimi, hazırda “Ümid-1” platformasından 3 quyu qazılıb. Ümumilikdə bu platformadan 6 quyunun qazılması planlaşdırılır.
“Ümid-Babək” perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində, Bakıdan 75 km məsafədə yerləşir. “Ümid” yatağının ehtiyatları ən azı 200 mlrd. kubmetr qaz və 30 mln. ton kondensat həcmində qiymətləndirilir.
Azərbaycanın qaza olan tələbatının təmin edilməsi baxımından, eləcə də Trans-Anadolu qaz kəməri (TANAP) ilə ixrac ediləcək qaz mənbələrindən biri olaraq “Ümid” yatağı SOCAR-ın diqqət mərkəzindədir.