“Bank VTB” (Azərbaycan) ASC ölkədə nağdsız ödənişlərin dövriyyəsinin artırılması və stimullaşdırılması məqsədilə 2014-cü il mayın 1-dən “Sizin VTB kartınız” aksiyası çərçivəsində plastik kartların pulsuz rəsmiləşdirilməsinə başlayır. Bu barədə bankın məlumatında qeyd edilir.
“Plastik karta sahib olmaq istəyən hər kəs şəxsiyyəti təsdiq edən sənədlər əsasında “VISA Classic” səviyyəli ödəniş kartını pulsuz əldə edə bilər, həmçinin “VISA Gold” kartını cəmi 5 manata ala bilər.
“Sizin VTB kartınız” aksiyası 2014-cü ilin avqustun 1-dək davam edəcək.
“Bank VTB” (Azərbaycan) ASC-nin Ödəniş Kartları İdarəsinin rəisi Ulyana Əlixanova əmindir ki, aksiya uğur qazanacaq, çünki bir çox ticarət və xidmət mərkəzləri ödəniş terminalları ilə təchiz olunduğundan istehlakçılar ödəniş kartlarının rahatlığını dəyərləndiriblər.
“Turist səfərləri, internetdə alış-veriş, kommunal ödənişlərin həyata keçirilməsi üçün ödəniş kartının mövcudluğu müasir insan üçün vacibdir. Bizim bank nağdsız ödənişlərin stimullaşdırılması üzrə dövlət siyasətini dəstəkləyir və müştərilər üçün xidmətin yaxşılaşdırılmasına çalışır”, - deyə məlumatda U.Əlixanovaya istinadən bildirilir.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən Azərbaycan “AF-Bank”ının səhmlərinin 51%-nin alınmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarları strukturunda səhmlərin 51%-i “Bank VTB” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.