Azərbaycanın İsveç Krallığındakı səfiri Adış Məmmədov eyni zamanda Finlandiya Respublikasında səfir təyin edilməsi ilə əlaqədar etimadnaməsini bu ölkənin prezidenti Sauli Niinistöyə etdikdən sonra Finlandiya parlamentinin sədri Eero Heynyaluoma ilə görüşüb. Bu barədə rəsmi mətbuat məlumat verir.
Görüşdə Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələri müzakirə olunub, ölkəmizin Avropaya inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb.
A.Məmmədov Finlandiya parlamentinin sədrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da məlumat verərək beynəlxalq hüququn norma və prinsiplərinin hakim olduğu bir zamanda Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinə və erməni vandalizminə dünya birliyinin göz yummasının yolverilməz olduğunu bildirib. Səfir Finlandiya parlamentində də bu məsələyə diqqət ayrılmasını xahiş edib.
E.Heynyaluoma Finlandiya və Azərbaycan parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb və parlamentlərin nümayəndə heyətlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsinin aparıldığını qeyd edib.