Baş Prokurorluq “Royalbank” Açıq Səhmdar Cəmiyyətinin paytaxt filialında 2 mln. manatdan artıq məbləğin mənimsənilməsi faktını müəyyən edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
İstintaq zamanı müəyyən olunub ki, paytaxt filialının müdiri Anar Həşimov, filialın baş mühasibi Xatirə Ağayeva və xəzinədarı İlqar İsmayılov qabaqcadan razılaşaraq ümumilikdə 2,228 mln. manat məbləğində külli miqdarda əmlakı ələ keçiriblər.
Qeyd olunan şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.
A.Həşimov və İ.İsmayılov barəsində həbs qətimkan tədbiri, X.Ağayeva barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.
İstintaq zamanı vurulmuş ziyandan 1,771 mln. manatın ödətdirilməsi təmin edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.