İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Tur-M" MMC-nin məhsullarında çəkinin əskik olması faktları aşkar edib. Bu barədə nazirliyin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, yoxlama zamanı sementlərin etiketində xalis çəki 50kq±2% göstərildiyi halda, faktiki çəkilərinin etiket göstəricisindən orta hesabla 2 kq az olduğu aşkar edilib.
Bundan başqa, istehsalat sahəsində kisələrə qablaşdırılmış sementlərin çəkilməsi üçün müvafiq qaydada yoxlanılmamış və nişanlanmamış ölçü cihazlarından istifadə edildiyi müəyyən edilib.
Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "Tur-M" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
"Tur-M" MMC Abşeron rayonu, Digah qəsəbəsində fəaliyyət göstərir. Bundan əvvəl Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində fəaliyyət göstərən "Garadagh Strongcem" MMC-nin fəaliyyətində analoji pozuntular aşkar edilmişdi.