Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 71,4 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2014-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 1471 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 3,4 mindən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
SKMF çərşənbə günü Sabunçu rayonunun Ramana qəsəbəsində "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbirdə 70-ə yaxın sahibkar iştirak edib.
İndiyədək Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 1965 layihənin həyata keçirilməsi üçün SKMF-in xətti ilə 351,6 mln. manat güzəştli kredit verilib.
“Çərşənbə günü tədbir çərçivəsində 19 sahibkarlıq subyekti ümumilikdə 5,6 mln. manat məbləğində güzəştli kredit alıb. Kredit vəsaitləri heyvandarlıq, quşçuluq, tərəvəzçilik, istixana komplekslərinin tikintisi, çörək və tikinti materiallarının istehsalı, “yaşıl market”lərin yaradılması və digər sahələrdə layihələrin reallaşdırılmasına ayrılıb. Layihələrin maliyyələşdirilməsi 150 mindən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib. 2014-cü ildə fond 280 mln. manat məbləğində güzəştli kredit verməyi planlaşdırır.