1 may 2014-cü il tarixindən etibarən Azərbaycanda uçot dərəcəsi 4,75%-dən 4,25%-ə endirilir. Bu barədə Mərkəzi Bankın məlumatında bildirilir.
Bu qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul edib.
Xəbər verildiyi kimi, sonuncu dəfə Azərbaycanda uçot dərəcəsi 2013-cü il fevralın 11-dən azaldılıb. O zaman AMB-nin İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 5%-dən 4,75%-ə endirilmişdi.
Məlumatda bildirilir ki, AMB makroiqtisadi sabitliyin təmin olunmasına yönələn pul siyasətini davam etdirir. 2014-cü ilin birinci rübündə Azərbaycanda makroiqtisadi sabitliyin möhkəmlənməsi, inflyasiya templərinin azalması müşahidə olunub, xüsusilə orta illik inflyasiya 2% təşkil edib.
İnflyasiyanın aşağı səviyyədə olmasını nəzərə alaraq qeyri-neft sektorunda investisiya fəallığının daha da artmasına və milli iqtisadiyyatın şaxələnməsinə zəruri dəstək vermək, habelə faiz dərəcələrinin enməsinin davamlılığına şərait yaratmaq məqsədilə 1 may 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4,75%-dən 4,25%-ə endirilməsi barədə qərar qəbul edib.
Eyni zamanda faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilib. Dəhlizin yuxarı həddi 7%-dən 6%-ə, aşağı həddi isə 1%-dən 0,5%-ə endirilib.