Toronto şəhərində Kanada Avrasiya Biznes Assosiasiyasının (CERBA) təşkilatçılığı ilə “Azərbaycanda sərmayə imkanları” adlı dəyirmi masa keçirilib. Bu barədə Azərbaycanın Ottava şəhərindəki səfirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev respublikanın investisiya potensialı, regionda həyata keçirilən enerji və nəqliyyat layihələri, eləcə də Kanada-Azərbaycan ikitərəfli ticarət əlaqələri barədə məlumat verib. O, həmçinin Azərbaycanda investisiya imkanları barədə söhbət açıb.
Dəyirmi masada iştirak edən bir sıra kanadalı iş adamları Azərbaycanla işgüzar əlaqələr və respublikada həyata keçirilən layihələr barədə danışıblar. Onlar Azərbaycanın iqtisadi sahədə böyük potensiala malik olduğunu bildirərək Kanada şirkətlərini ölkənin iqtisadi həyatında iştirak etməyə dəvət ediblər.