İsrailin ATƏT-in Minsk Qrupuna qoşulması onun fəaliyyətini daha dinamik edə bilərdi. “Azİz” Assosiasiyası nəzdində (Azərbaycan-İsrail) Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman belə hesab edir.
“İsrailin Minsk Qrupuna daxil olması bu təşkilata yeni dinamika gətirə bilərdi”,- deyə Y.Salman İsrailin xarici işlər naziri Aviqdor Libermanın Bakıda mətbuat konfransında ölkənin Minsk Qrupuna daxil edilməsinin mümkünlüyü ilə bağlı bildirdiyi fikirləri “İnterfaks-Azərbaycan” agentliyinə şərh edərkən deyib.
“Ancaq məsələ bundadır ki, ATƏT-ə üzv dövlətlərin öz sıralarına sivil ölkələrin dəstəyindən və anlayışından məhrum olan bir dövləti qəbul etməyə cəsarətləri çatacaqmı?”, - deyə Y.Salman qeyd edib.
Onun sözlərinə görə, baxmayaraq ki, A.Liberman mətbuat konfransında bildirib ki, belə bir təklif barədə ona heç nə məlum deyil, ancaq “od olmasa tüstü çıxmaz”, “bu isə o deməkdir ki, belə bir təklif irəli sürülübsə, yəqin artıq bunun cavabı da var”.