Azərbaycanın Avropa Şurası (AŞ) ilə 2014-2016-cı illərdə əməkdaşlıq üzrə fəaliyyət planı AŞ-nin baş katibi Tyorbyorn Yaqlandın Bakıya səfəri zamanı təqdim olunacaq. Bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.
“Biz öz prioritetlərimizi müəyyən etmişik və Avropa Şurası ilə 2014-2016-cı illərdə əməkdaşlıq üzrə fəaliyyət planımızı təsdiqləmişik. Bu yaxınlarda Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın Bakıya səfəri gözlənilir. Bu səfər çərçivəsində fəaliyyət planı rəsmi olaraq təqdim olunacaq”, - deyə M.Məmmədquliyev qeyd edib. Onun fikrincə, yeni fəaliyyət planı rəsmi Bakı ilə Avropa Şurasının əməkdaşlığını daha da möhkəmləndirəcək.
Daha əvvəl T.Yaqlandın Bakıya səfəri aprelin 22-24-nə planlaşdırılsa da, sonradan qeyri-müəyyən müddətə təxirə salınmışdı.
M.Məmmədquliyev qeyd edib ki, baş katibin Bakıya səfəri zamanı AŞ və Azərbaycan arasında əməkdaşlıq perspektivləri, Bakının Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi məsələləri müzakirə mövzusu olacaq.
F.İsazadə