Azərbaycan prezidenti İlham Əliyev hökumət nümayəndələrindən ibarət heyətlə bu gün səhər Tbilisiyə gəlib. Qeyd edək ki, Tbilisidə Gürcüstan, Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə keçiriləcək sammitdə üç ölkənin müxtəlif sahələrdə əməkdaşlığının vəziyyəti və perspektivləri müzakirə olunacaq.
Bir gün əvvəl Türkiyə prezidenti Abdulla Gül hökumət üzvləri və işgüzar dairələrin nümayəndələrindən ibarət böyük heyətlə Gürcüstan paytaxtına gəlib.
Gürcüstan Prezidenti Administrasiyasından “İnterfaks” agentliyinə bildirildiyi kimi, üçtərəfli görüşdə qonşu dövlətlərin liderləri iqtisadiyyat, ticarət, nəqliyyat və energetika sahələrində əməkdaşlığın nəticələrini, cari birgə layihələri, regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələlərini, eləcə də yaxın illər üçün tərəfdaşlıq perspektivlərini müzakirə edəcəklər.
Sammit çərçivəsində keçiriləcək üçtərəfli və ikitərəfli görüşlərdə prezidentlərlə yanaşı, hər üç dövlətin hökumət nümayəndələri və iş adamları da iştirak edəcəklər.
Çərşənbə axşamı gündüz saatlarında Gürcüstan-Türkiyə iqtisadi forumu keçiriləcək. Forumda Gürcüstanın baş naziri İrakli Qaribaşvili iştirak edəcək.
Gürcüstan, Azərbaycan və Türkiyə hazırda birgə səylərlə Bakı-Tbilisi-Qars dəmir yolu magistralının tikintisi, eləcə də Qara dəniz elektrik ötürücü xətlərinin genişləndirilməsi (bu layihə çərçivəsində üç ölkənin enerji sistemləri arasında yüksəkvoltlu elektrik ötürücü xətləri çəkilir) kimi miqyaslı layihələr həyata keçirir. “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi və digər regional layihələr işlənmə mərhələsindədir.
Türkiyə və Azərbaycan Gürcüstanın iri ticarət tərəfdaşlarıdır.