Azərbaycanda mobil rabitə tarifləri ucuzlaşdırıla bilər. Bu barədə çərşənbə axşamı jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Nazir qeyd edib ki, ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları ilə tariflərin ucuzlaşdırılması məsələsinə dair danışıqlar aparılıb.
“Bu məsələnin gələcəkdə öz həllini tapacağına nikbin baxıram. Çünki onlar artıq ucuzlaşdırılmış vahid operatorlararası qiymət üzərində danışıqları bitiriblər. Bu, mobil operatorların tarifləri müəyyən qədər aşağı salmasına imkan verir”, - deyə nazir qeyd edib.
Ə.Abbasov vurğulayb ki, mobil rabitə tarifləri “bazar qiymətlərinə uyğundur və onlara çox təzyiq etmək olmaz”.
“Qiymətlərin həddən artıq aşağı düşməsi inkişafa təsir edir. Buna baxmayaraq, operatorların tariflərinin müəyyən qədər aşağı salınması üçün imkan var”, - deyə o qeyd edib.
Xəbər verildiyi kimi, hazırda Azərbaycanda 3 mobil rabitə operatoru fəaliyyət göstərir – “Azercell Telecom”, “Bakcell” və “Azerfon”.