31 mart 2014-cü il tarixinə Azərbaycanda mikromaliyyələşdirmə üzrə ümumi portfel $1,12 mlrd. təşkil edir. Bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva çərşənbə axşamı “AccessBank”ın jurnalistlər üçün təşkil etdiyi və maliyyə savadlılığının artırılmasına həsr olunmuş treninqdə bildirib.
Onun sözlərinə görə, əgər 2008-ci ilə kimi Azərbaycanda 10 min manata qədər kredit mikrokredit hesab olunurdusa, hazırda 16 min manat qədər kredit mikrokredit sayılır. Bu isə inflyasiya prosesləri, ümumi iqtisadi artım və digər amillərlə bağlıdır.
J.Hacıyeva qeyd edib ki, hazırda Azərbaycanda əhalinin 4,7%-i mikromaliyyə xidmətlərindən (yalnız mikrokreditlər deyil, həm də sığorta, lizinq və digər xidmətlər daxildir) istifadə edir.
O deyib ki, Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən verilən mikrokreditin orta məbləği $1,289 min, banklar tərəfindən $4,23 min təşkil edir.
Azərbaycanda mikrokreditlərin ödənilməsi xərcləri orta hesabla $239 təşkil edir (müqayisə üçün Gürcüstanda $235, Hindistanda - $11).
AMFA-ya Azərbaycanda fəaliyyət göstərən 35 mikromaliyyə təşkilatı daxildir.