Təhsil Nazirliyinin “qeyri-kafi” qiymət alan şagirdlərin ikinci ilə qalmalarına dair qərarı ölkədə təhsilin keyfiyyətinin artırılması məqsədi daşıyır. Bu barədə çərşənbə axşamı jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov məlumat verib.
“Təhsilin keyfiyyətinin artırılması məqsədilə bu qərar qəbul edilib. Qərara əsasən, bir sıra fənlər üzrə “qeyri-kafi” qiymət alan şagirdlərin sinifdən sinfə keçirilməsi məqsədəuyğun hesab edilmir”, - deyə nazir bildirib.
M.Cabbarovun sözlərinə görə, misal üçün, əgər şagird səkkizinci sinif proqramını mənimsəmirsə, onun doqquzuncu sinifdə uğurla təhsil alması böyük suallar doğurur.
“Bu layihənin reallaşdırılması məzunun biliklərinin keyfiyyətinin artmasına xidmət edəcək”, - deyə nazir qeyd edib.