Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) respublikada mikromaliyyələşdirmənin inkişafı məqsədilə strateji vəzifələri müəyyən edib. Bu barədə çərşənbə axşamı jurnalistlərə AMFA-nın icraçı direktoru Jalə Hacıyeva məlumat verib.
“Assosiasiya qarşısında duran strateji vəzifələr kənd təsərrüfatı kreditlərinin sığorta mexanizmlərinin işlənib hazırlanması, mikrokreditlər üzrə dərəcələrin azaldılması, mikromaliyyə təşkilatlarının üç il müddətinə mənfəət vergisi ödənişindən azad edilməsi, kredit bürosu layihəsinin işlənib hazırlanması və sairədən ibarətdir”, - deyə J.Hacıyeva bildirib.
Onun sözlərinə görə, hazırda AMFA bir sıra şirkətin Assosiasiyaya daxil olmaq haqqında təkliflərinə baxır. Xüsusilə Assosiasiya yaxın vaxtlarda "Parex Leasing" şirkətinin onun sıralarına daxil olmasını müzakirə edəcək. O cümlədən "MCB Leasing" Azərbaycan-Pakistan lizinq şirkəti də AMFA-nın üzvlüyünə daxil olmağı planlaşdırır.
Bununla yanaşı, o vurğulayıb ki, apreldə “Amrahbank” AMFA-nın üzvü olub.
J.Hacıyeva əlavə edib ki, hazırda Azərbaycanda mikromaliyyələşdirmə sahəsində fəaliyyət göstərən 35 şirkət AMFA-nın üzvüdür. Onların 51%-i bank olmayan kredit təşkilatları, 29%-i banklar, 11%-i kredit ittifaqları, 6%-i lizinq şrkətləri, 3%-i konsaltinq şirkətləridir.
AMFA 2001-ci ildə təsis edilib.