İnsan hüquqları, qanunun aliliyi və demokratiya Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi müddətində Azərbaycanın fəaliyyətinin mərkəzində olacaq. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Vyana şəhərində Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında çıxışında bəyan edib.
XİN-in mətbuat xidmətinin məlumatına əsasən, E.Məmmədyarov qeyd edib ki, Bakının sədrliyinin əsas prioritetləri respublikanın müsbət xarakteristikası və müqayisəli üstünlükləri ilə yanaşı, Avropa Şurasının gündəliyində duran aktual və təxirəsalınmaz məsələlərin nəzərə alınması ilə müəyyən edilib.
“Korrupsiya ilə mübarizədə güclü əməkdaşlıq Azərbaycanın sədrliyinin əsas prioritetlərindən biri olacaq. Biz Beynəlxalq Anti-korrupsiya Akademiyası ilə birgə Bakıda yüksək səviyyəli konfrans təşkil etməklə korrupsiya ilə mübarizəni özünün əsas məqsədi elan etmiş Avropa Şurasının səylərinə töhfəmizi verəcəyik”, - deyə E.Məmmədyarov bildirib.
XİN başçısı vurğulayıb ki, Azərbaycan sədrliyi zamanı idman yarışlarının idarə edilməsi üzrə Avropa Şurası Konvensiyasının mümkün qəbuluna diqqətlə nəzarət edəcək və bu konvensiyanın tezliklə imzalanması üçün hazır olmasına dəstəyini gücləndirəcək.
“Bildiyiniz kimi, Bakı ilk dəfə olaraq 2015-ci ildə Avropa (Olimpiya) Oyunlarına ev sahibliyi edəcək və bu da sədrlik müddətində bu konvensiyanın qəbuluna yardım etməyimizin digər əsas səbəbidir”, - deyə E.Məmmədyarov vurğulayıb.
Azərbaycanın tarixən müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə şəkildə mövcud olduğu bir yer olduğunu qeyd edən nazir komitədə sədrliyi zamanı ölkənin mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə yardım edəcəyini bildirib.
XİN başçısı vurğulayıb ki, Avropa Şurası baş katibinin təşəbbüsü ilə ciddi siyasi islahatların həyata keçirilməsi hədəfi qarşıya qoyulub.
“Bu hədəf sədrliyimiz müddəti ərzində bizim tərəfimizdən yekdilliklə və güclü şəkildə dəstəklənəcək. Azərbaycanın sədrliyi, həmçinin Avropa İttifaqı, ATƏT və BMT kimi digər beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da möhkəmləndirilməsinə dəstək göstərəcək”, - deyə o bildirib.
Nazir qeyd edib ki, sədrlik zamanı Azərbaycan fəaliyyətinin davamlı və əlaqəliliyini təmin etmək məqsədi ilə komitənin növbəti sədrləri - Belçika və Bosniya və Hersoqovina ilə daimi və yaxın əlaqələr yaradacaq.