Korrupsiya ilə mübarizə Azərbaycan dövlətinin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir. Bu barədə çərşənbə günü jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bəyan edib.
“Ölkə rəhbərliyi bu məsələdə iradə nümayiş etdirir”, - deyə o, Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə İdarəsi tərəfindən qaldırılan cinayət işlərinin sayının artması ilə bağlı sualı şərh edərkən vurğulayıb.
Birinci vitse-spikerin sözlərinə görə, korrupsiya ilə mübarizənin müxtəlif: həm inzibati, həm də profilaktik yolları var.
“Hesab edirəm ki, bu məsələlər zamanla tənzimlənəcək”, - deyə Z.Əsgərov vurğulayıb.
O qeyd edib ki, Azərbaycanda bu sahədə mükəmməl qanunvericilik mövcuddur.
“İnsanların özləri başa düşməlidirlər ki, buna yol vermək, belə işlərlə məşğul olmaq olmaz. Çünki gec və ya tez bunların üstü açılır. Buna görə də insanların vicdanının oyanması vacibidir. Vicdanı olmayanlarla isə müvafiq dövlət və hüquq mühafizə orqanları məşğul olacaq”, - deyə Z.Əsgərov vurğulayıb.