Tailandın Konstitusiya Məhkəməsi çərşənbə günü baş nazir Yinqlak Çinavatı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilərək onun istefaya getməsi barədə qərar qəbul edib. Bu barədə EFE agentliyi xəbər verir.
Bundan başqa, məhkəmə Nazirlər Kabinetinin bütün üzvlərinin istefa verməsi barədə qərar qəbul edib. Məhkəmə hökmü dərhal qüvvəyə minir.
Bir qrup parlamentari hökumət başçısına qarşı ittiham irəli sürüb. Onlar hesab edirlər ki, Y.Çinavat 2011-ci ildə baş nazir vəzifəsinə seçildikdən az sonra ölkənin Təhlükəsizlik Şurasının sədri Txavin Pliensini qanunsuz olaraq istefaya göndərib.
Baş nazir bütün ittihamları rədd edib. Onun tərəfdarları şənbə günü kütləvi nümayiş edəcəklərini bildiriblər.
EFE agentliyi qeyd edir ki, bu, Tailandın tarixində məhkəmə tərəfindən baş nazirin istefaya göndərilməsi ilə bağlı üçüncü faktdır.