Sumqayıt şəhərinin “Cümə” məscidinin dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Tolerantlıq Kuboku” uğrunda ənənəvi mini futbol turnirinin qalibi olub. Bu barədə çərşənbə günü DQDK-nın mətbuat xidməti məlumat verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş final oyununda “Məşədi Dadaş” məscidinin (Bakı) və Sumqayıtın “Cümə” məscidinin dini icmalarının komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə bitib. Oyun sonrası penaltilərdə "Cümə" məscidi dini icmasının komandası turnirin qalibi olub.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, DQİDK-nın təşkilatçılığı və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə dini konfessiyalar arasında keçirilən bu yarış sadəcə futbol turniri deyil, eyni zamanda Azərbaycanın dünyaya örnək ola biləcək tolerantlıq modelinin əyani sübutudur.
G.İsmayılov qeyd edib ki, bu turnirin qalibi bütün komandalardır. Çünki burada qalib gələn tolerantlıqdır. Artıq ikinci ildir ki, keçirilən ənənvi turnirin əhəmiyyətinə toxunan sədr müavini bu cür tədbirlərin dini icmalar arasında mövcud olan sağlam mühitin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
F. İsazadə