Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Zaqatala bazar-2” ASC-də yoxlamalar zamanı mənşəyi bilinməyən, gigiyenik və uyğunluq sertifikatları olmayan məhsullar aşkar edib. Bu barədə komitənin məlumatında bildirilir.
“Zaqatala bazar-2” ASC-də istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçirilmədiyi, ət məhsullarının satışı üçün ayrılmış sektorun natəmiz saxlanıldığı aşkar edilib, kənd təsərrüfatı məhsullarının yerə düzülərək natəmiz şəraitdə, şirniyyat, ət və süd məhsullarının antisanitar vəziyyətdə və saxlanma rejiminə əməl olunmadan üstü açıq şəkildə satıldığı müşahidə edilib.
Aşkar olunmuş bu və digər nöqsanların aradan qaldırılması ilə bağlı bazar rəhbərliyinə iradnamə verilib, istifadə olunan ölçmə vasitələrinin istismarı və mənşəyi məlum olmayan məhsulların satışı qadağan edilib, inzibati xəta haqqında protokol tərtib edilib.