Faşizm üzərində qələbənin 69 illiyi ilə əlaqədar ölkə başçısının Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncamı Gəncədə də icra olunur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Gəncədə 35 nəfər Böyük Vətən müharibəsi iştirakçısına 700 manat, 85 nəfərə arxa cəbhədə fədakar əməyinə görə və 428 nəfər həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına 300 manat birdəfəlik maddi yardım verilib.
Bundan başqa, ölkə başçısının sərəncamı ilə mayın 1-dən 14 nəfər prezident təqaüdçüsünün təqaüdü 55 manatdan 100 manata qaldırılıb”, – deyə Gəncə şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Rauf Şəfiyev bildirib.
Prezidentin sərəncamının icrası məqsədi ilə dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan 7,6 milyon manat ayrılıb.
Böyük Vətən müharibəsində Gəncə şəhərindən 3 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.