Azərbaycan Cənubi Qafqazda İsrailin prioritet tərəfdaşıdır. Bu barədə RTVi telekanalının İsrail bürosunun redaktoru Boris Yentin “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bəyan edib.
“Cənubi Qafqazın hər üç respublikası ilə İsrailin özünəməxsus münasibətləri formalaşıb. Şübhəsiz ki, Yerusəlimin Bakı və Tiflislə əlaqələri daha möhkəm və müxtəlifdir, nəinki İrəvanla. Bunun səbəblərindən biri Gürcüstan və Azərbaycanda iri və kifayət qədər nüfuzlu yəhudi icmalarının mövcud olmasıdır”, - deyə o, ötən həftə İsrailin xarici işlər naziri Aviqdor Libermanın Bakıya növbəti səfərini şərh edərkən bildirib.
“Ermənistanda isə çox az sayda yəhudi yaşayır. Müxtəlif xalqlar arasında münasibətlərin tarixi ənənələri də mövcuddur ki, bu da bütün hallarda dövlətlərarası münasibətlərə təsir göstərir. Və, əlbəttə, bütün ölkələrin geosiyasi maraqları da münasibətlərin inkişafına təsir edir. Bu nöqteyi-nəzərdən Azərbaycanla əlaqələrin möhkəmlənməsi İsrailin əsas prioritetlərindən biridir”, - deyə o vurğulayıb.