Azərbaycan və Honduras arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması barədə protokol imzalanıb. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
“Biz, həmçinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəlmişik. Bu, Azərbaycanın Mərkəzi Amerika ölkələri ilə əməkdaşlığında yeni səhifənin açılması deməkdir”,- deyə E.Məmmədyarov cümə axşamı brifinqdə bildirib.
Onun sözlərinə görə, tərəflərin regional və beynəlxalq məsələlərdə rəyləri və mövqeləri üst-üstə düşür.
“Honduras Azərbaycanın ərazi bütövlüyünü, ərazilərimizin işğal faktını və Xocalı soyqırımını rəsmi şəkildə tanıyır”,- düeyə XİN başçısı qeyd edib.
Hondurasın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mireya Aquero De Korralis qeyd edib ki, iki ölkə arasında nazirlər səviyyəsində görüş ilk dəfə keçirilir.
“Ölkələrimiz arasında belə yüksək səviyyəli görüş ilk dəfə keçirilir. Biz gələcək addımlarımızı müəyyənləşdiririk. Hesab edirəm ki, münasibətlərimiz müsbət səviyyədədir”,- deyə honduraslı nazir qeyd edib.
O söyləyib ki, Bakıda onun iştirakı ilə maliyyə, infrastrukturun inkişafı, limanların tikintisi, investisiya, turizm və sair sahələrdə əməkdaşlığa həsr olunmuş danışıqlar aparılıb.
“Hesab edirəm ki, bu, ölkələrimiz arasında uzunmüddətli və vacib əməkdaşlığın başlanğıcıdır”,- deyə qonaq əlavə edib.
F.İsazadə