Avropa ölkələri Azərbaycanın ən mühüm tərəfdaşlarıdır və heç bir üçüncü tərəf bu münasibətlərə təsir göstərə bilməz. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Avropa ilə münasibətlərimizin gündəliyi çox genişdir. Əlbəttə ki, iqtisadi münasibətlər diqqət mərkəzindədir, çünki Avropa Azərbaycan üçün bir nömrəli tərəfdaşdır”, - deyə İ.Əliyev bazar ertəsi Fransa prezidenti Fransua Ollandla birgə brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində uğurlu əməkdaşlıq, həmçinin respublikada aparılan islahatlar çərçivəsində siyasi dialoq inkişaf edir.
“Heç bir kənar qüvvə tərəfdaşlarla münasibətlərimizə təsir göstərə bilməz. Azərbaycan müstəqil ölkədir”, - deyə o vurğulayıb.
Fransalı jurnalistin ayrı-ayrı hüquq müdafiəçiləri və KİV nümayəndələrinin istintaqa cəlb olunması ilə bağlı sualını cavablandıran İ.Əliyev bəyan edib ki, Azərbaycanda insan hüquqları sahəsində vəziyyət yaxşıdır. Ölkədə söz və internet azadlığı da daxil olmaqla bütün əsas azadlıqlar təmin olunub. Respublikada heç kəs siyasi baxışlarına görə təqib olunmur.