Azərbaycan prezideni İlham Əliyev Fransa ilə münasibətləri çoxtərəfli hesab edir.
“Bu səfər (Fransa prezidenti Fransua Ollandın - İF-Az) münasibətlərimizin inkişafına təkan verəcək. Bu gün imzalanan sənədlər münasibətlərimizin müxtəlif aspektlərinin inkişafına xidmət edəcək”, - deyə İ.Əliyev bazar ertəsi Bakıda Azərbaycan-Fransa biznes forumunda çıxış edərkən bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycanla Fransanın münasibətləri çoxtərəflidir, müxtəlif sahələri əhatə edir ki, bu da ikitərəfli əlaqələr üçün yeni imkanlar yaradır, regional əməkdaşlıqda yeni üfüqlər açır.
“Şadam ki, Azərbaycan regionda Fransanın ilk ticari tərəfdaşıdır, mal dövriyyəsi demək olar ki, $2 mlrd.-a çatır, bu gün sənədlər imzalandıqdan sonra isə bu imkanlar daha da artacaq. Biz Fransa şirkətlərini Azərbaycana investisiya qoymağa və layihələrdə podratçı qismində iştirak etməyə dəvət edirik”, - deyə prezident əlavə edib.
O, həmçinin söyləyib ki, bu günə qədər Fransa şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstəriblər və yaxşı nəticələr əldə ediblər.
“Azərbaycanda yaxşı investisiya mühiti mövcuddur, ötən il iqtisadiyyata $25 mlrd. investisiya yatırılıb, bunun 30%-ni xarici investisiyalar təşkil edir”,- deyə İ.Əliyev qeyd edib.
O bildirib ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafı növbəti illər üçün prioritet təşkil edir.
“Fransanın nəqliyyat, İKT, tikinti, kənd təsərrüfatı, turizm, xüsusən də üzümçülük sahəsində təcrübəsi bizim üçün vacib əhəmiyyət daşıyır. Bir sözlə, biz Fransanı həm investor, həm də podratçı kimi daha sıx əməkdaşlığa dəvət edirik.