Azərbaycan nəqliyyat sahəsində Fransa ilə əməkdaşlığa dair danışıqlar aparır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Nəqliyyat sahəsində layihələr bizim üçün prioritet təşkil edir. Azərbaycanda hələ bir neçə il bundan əvvəl metropolitenin inkişafı üzrə dövlət proqramı qəbul edilib”, - deyə İ.Əliyev bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda bildirib.
Dövlət başçısının sözlərinə görə, nəqliyyat sahəsində layihələrin reallaşdırılması üçün Azərbaycanın maliyyə ilə bağlı heç bir problemi yoxdur. “Həmin layihələrin reallaşdırılması üçün maliyyə ilə bağlı problemlərimiz yoxdur, çünki biz bunu dövlət büdcəsi hesabına həyata keçiririk. Reallaşdırmanın özünə gəlincə isə, biz onları Fransa şirkətləri ilə həyata keçirə bilərik”, - deyə o vurğulayıb.
Prezident qeyd edib ki, Azərbaycanın nəqliyyat infrastrukturunun modernləşdirilməsinə ehtiyac var.
“Bu sahədə, məsələn, Bakı-Tiflis-Qars dəmir yolu dəhlizi üzrə əməkdaşlığa ehtiyacımız var. Bu, sürəti saatda ən azı 140 km təşkil edən dəmir yolu olacaq. Bunun üçün bizə müasir lokomotivlər lazımdır. Bununla əlaqədar Fransa tərəfi ilə danışıqlar aparılır”, - deyə İ.Əliyev bəyan edib.