“İnterfaks-Azərbaycan” agentliyinin “Azərbaycan 1941-1945. Şöhrət ordeni kavalerləri” kitabının müəllifi, www.savash-az.com hərbi-tarixi internet saytının yaradıcısı, hərb tarixçisi Azad Hüseynovla müsahibəsi.
İndi müxtəlif dövlətlərdə yaşayan bizləri birləşdirən tellərdən biri Böyük Vətən Müharibəsi və uğrunda milyonlarla sovet insanının canlarını qurban etdiyi və onların arasında həmvətənlərimizin də olduğu Böyük Qələbə haqqında xatirələrdir. İndi biz müstəqil dövlətlərin vətəndaşlarıyıq, bu və ya digər dövlətin xalqlarının faşizm üzərində qələbəyə verdiyi töhfələri artırmaq və ya azaltmaq cəhdləri olanda Azad Hüseynovun “Azərbaycan 1941-1945. Şöhrət ordeni kavalerləri” kitabı xüsusi önəm daşıyır, çünki bu tədqiqat əsərində faşizmlə mübarizədə özünün ən yaxşı oğullarını qurban vermiş xalqımızın insan potensialı barədə danışılır. A.Hüseynov verdiyi müsahibədə kitabın necə ərsəyə gəlməsi, çətinliklər və tapıntılar, kitabın nəşr edilməsinin nədən bu qədər vacib olması barədə söhbət açır.
- Siz artıq 10 ildən çoxdur ki, www.savash-az.com hərbi-tarixi internet saytına rəhbərlik edirsiniz. Bu yaxınlarda sizin müəllifi olduğunuz “Azərbaycan 1941-1945. Şöhrət ordeni kavalerləri” kitabı işıq üzü görüb. Bu mövzuya maraq sizdə hardandır?
-Birincisi, mən ixtisasca hərbçiyəm, keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət etmişəm. Böyük Vətən Müharibəsi mövzusu demək olar ki, hər zaman mənim həyatımda olub, istər peşə, istərsə də şəxsi nöqteyi-nəzərdən. Bir tərəfdən elə görünür ki, bu müharibəyə dair materiallar həddindən artıq çoxdur, digər tərəfdən isə sirr deyil ki, rəsmi qəhrəmanlar var idi ki, onlar barədə yazılmalıydı, lakin on minlərlə adi müharibə iştirakçısı barədə heç bir məlumat yox idi. Axı qələbəni hamı qazanıb və hər bir şəxs adi həyatda mümkün olmayan qəhrəmanlıqlar göstərib. Buna görə də bu insanlar barədə danışmaq istədim. Onları xatırlasınlar deyə. www.savash-az.com. internet saytı ideyası belə yarandı. Barəsində hansısa bir məlumat əldə etməyin mümkün olduğu hər kəs barədə materiallar toplandı. Saytın yaranmasına döyüşlərdə iştirak etmiş insanların nəsilləri kömək etdilər. Sənədlər, məktublar göndərirdilər, faşistlərə qarşı mübarizə aparmış doğmaları və yaxınları barədə danışırdılar. İndi də yazırlar. Həm də yalnız bizim şəhər və kəndlərimizdən deyil, xaricdə yaşayan həmvətənlərimiz yazırlar, Rusiya və Ukraynada döyüşmüş azərbaycanlıların qalıqları tapıldıqda bu ölkələrdən saytımıza məlumatlar daxil olur. Elə bu yaxınlarda Siyəzən rayonundan olan əsgər Hacıverdi Mahmudov haqqında məlumat əldə edildi. Onun soyadı su qabının üzərində cızılaraq yazılmşdı. Xoşbəxtlikdən döyüşçünün oğlu sağdır və o öyrəndi ki, onun atası məktubla onlara bildirildiyi kimi itkin düşməyib, igidliklə döyüşərək həlak olub. Önündə baş əyilə biləcək bir məzar olacaq və biz əsgər qarşısında son borcumuzu yerinə yetirəcəyik.
Bu, yaxşı haldır ki, insanlar həlak olanları sadəcə xatırlamaqla kifayətlənmirlər, həm də istəyirlər ki, başqaları da onlar haqqında bilsin. Və bu, doğru yoldur. Bizim Silahlı Qüvvələr muzeyimiz var, lakin çox istərdik ki, Böyük Vətən Müharibəsi muzeyi də olsun, ora yalnız yetişməkdə olan nəslin nümayəndələrini deyil, həm də başqa ölkələrdən gələn qonaqları da ziyarətə aparaq. Axı Azərbaycanın qələbəyə verdiyi töhfə çox böyükdür, başqa ölkələrdə də, keçmiş Sovet İttifaqı respublikalarında da bu barədə bilməlidirlər. Yeni nəsillər var və bundan sonra da olacaqlar, lakin təəssüf ki, onlar bu barədə bilmirlər. Amma Azərbaycan xalqının müharibədə göstərdiyi qəhrəmanlıq çox böyük hörmətə layiqdir. Kitab rus dilində nəşr edilib. Bu, təsadüfi deyil, çünki məhz bunun sayəsində yalnız bizim xalq deyil, həm də bütün postsovet məkanı vətəndaşları onu oxuya biləcəklər, heç bir fakt unudulmamalıdır.
Mənim bu mövzuya şəxsi münasibətimə gəlincə, müharibə Azərbaycanda hər bir ailədən olduğu kimi, mənim ailəmdən də yan keçməyib. Axı necə yan keçməyə bilərdi, 3,2 milyon nəfər əhalisi olan respublikadan cəbhəyə yarım milyon həmvətənlimiz gedib. Hərbçilərin dediyi kimi, qayıtmaz itkilərimiz 250 min nəfərdən çox təşkil edib. Demək olar ki, hər ikinci əsgərimiz həlak olub ki, bu da İkinci Dünya müharibəsində ABŞ və ya Böyük Britaniyanın verdiyi itkiyə bərabərdir. Mənim iki babam və iki əmim döyüşüb. Yəni kitabı yazmağımda şəxsi motivlərin də rolu var.
- Kitabda 15 nəfər tam Şöhrət ordeni kavaleri və 180 nəfər sadə Şöhrət ordeni kavaleri barədə məlumat
toplanıb. Onların arasında həm Azərbaycanda, həm də SSRİ-nin digər respublikalarında yaşamış soydaşlarımızın olması xüsusilə diqqətəlayiqdir. Hansı arxivlərdən istifadə etmisiniz? Hansı çətinliklərlə üzləşmisiniz?
- Düzünü deyim ki, bu, heç də asan iş deyildi. Mənim əvvəlcə Axundov kitabxanasında axtardığım materiallar az idi. Olanlar da ümumi, bir qədər təntənəli xarakter daşıyırdı. Qələbə Günü ərəfəsində nəşr olunmuş bütün yerli qəzetlərə baxdım. Ümumi sözlər, şüarlar, bir neçə soyad, vəssalam. Çox az məlumat var idi. Əlimə 70-ci illərdə buraxılmış broşür düşdü, orada tam Şöhrət ordeni kavalerləri barədə danışılırdı. Broşürdə təxminən belə məlumat verilirdi: “Qumbara ataraq bir neçə alman faşistini məhv edib”. Bilirsinizmi, bu gün artıq belə yazmaq olmaz. Oxucuya maraqlı olmayacaq. Dokumentalistika indi ən tələb olunan janrlardan biridir.
Ətraflı məlumat, təfərrüatlar lazımdır: Döyüşlər neçənci ildə, hansı istiqamətdə gedib, hərbi bölməyə hansı tapşırıq verilib, hansı yaşayış məntəqəsini müdafiə edib, döyüşçü hansı şücaəti göstərib, nə üçün təltif olunub. Xoşbəxtlikdən bu gün arxivlər açılıb. Şöhrət ordeni ilə yalnız əsgər və kiçik komandirlər təltif edildiyinə görə mən kitabı yazmağa hazırlaşarkən keçmiş SSRİ-nin, indiki RF-nin Müdafiə Nazirliyinin mərkəzi arxivinin, “Xalqın qəhrəmanlığı” məlumat bazasının və “Memorial” bazasının materiallarından istifadə etmişəm. Fikrimcə, əsas informasiya mükafat vərəqələrində yer alıb. Burada döyüşçünü mükafata təqdim edən komandir onun xarakteristikası, göstərdiyi igidlik barədə məlumat verir. Lakin çətinliklər də az deyildi. Birincisi, komandirlərin əsgərin igidliyi barədə ətraflı məlumat vermək imkanı hər zaman olmurdu. İkincisi, bu işdə ən böyük maneələrdən biri soyadların yazılması idi. Məsələn, deyək ki, eyni əsgər müxtəlif vaxtlarda müxtəlif orden və medallarla təltif olunurdu. Hər dəfə onun soyadı fərqli yazılırdı. Buna görə də kitabın sonundakı əlavədə mən rəsmi arxiv sənədlərində kavalerlərin adlarında yol verilmiş təhriflərin ümumi cədvəlini təqdim etmişəm. Məsələn, ilk baxışdan sadə görünən bir soyad - Əmirov Hüseyn İsmayıl oğlu. Bir sənəddə bu, Əmirov Husen İslayiloviç, digərində Əmirov Hüseyn İsmailoviç kimi qeyd olunub. Bu təhriflər işi çox çətinləşdirirdi: hərbi bölmələrin adını və nömrəsini, onların yerini, döyüşünün ordudakı peşəsini müqayisə etmək lazım gəlirdi. Söhbətin eyni adamdan getdiyinə əmin olmaq üçün hər şey diqqətə alınırdı, lakin buna dəyərdi.
- Kitabda istifadə olunmuş ədəbiyyatın böyük siyahısı verilib. Bu, mənbəşünaslıq bazasını göstərmək üçündürmü?
Alimlər yeni sənədi istifadəyə verirlər. Bu sənəd dəqiq olmalıdır. Mən belə bir dəqiqliyə çalışırdım. Əgər istehkamçı düşmən atəşi altında körpünü minalardan təmizləyərək şücaət göstəribsə, mən bunun nə üçün vacib olduğunu bilməliydim: qoşunlarımız geri çəkilib, yoxsa hücuma keçib, konkret olaraq hansı döyüş tapşırığını yerinə yetirib, körpü minalardan təmizləndikdən sonra nə baş verib və s. Ayrı-ayrı hərbi əməliyyatlar barədə çoxlu oxumaq, müharibə tarixini ətraflı öyrənmək lazım gəldi.
-Böyük Vətən Müharibəsi barədə az yazılmayıb. Və hər bir nəsil öncəki nəsillərin göstərdiyi qəhrəmanlıqları üzə çıxarır. Azərbaycanın Şöhrət ordenli kavalerləri barədə materiallarla tanış olarkən şəxsən sizin üçün belə tapıntı nə oldu?
-Baxmayaraq ki, mən müharibə haqqında çox kitab oxumuşam, həm də bir hərbçi olaraq bunun nə olduğunu yaxşı bilirəm, bununla belə həmyerlilərimizin cəbhədəki şücaəti barədə hər bir yeni fakt, insanın Vətənin müdafiəsi kimi yüksək bir amal naminə özünə üstün gəlmə qabiliyyəti məni heyrətə gətirib. Şöhrət ordeni kavaleri olan 200 nəfərin hər biri qəhrəmandır. Yalnız ona görə yox ki, mükafata layiq görülüblər. Kitabın hansı səhifəsini açsan, onların mərdliyinə heyran olursan. Kiçik serjant Ağaqulu Xudaquliyev zenit pulemyotu tuşlayıcısı idi. 1943-cü il noyabrın 1-nə keçən gecə o, desantımızın Kerç yarımadasına çıxarılmasını təmin edib. Onun pulemyotu desantçıları düşmənin olduğu sahilə keçirən motorlu qayıqda yerləşdirilmişdi. Hitlerçilər güclü projektorlarla hədəfləri işıqlandırır və atəş açırdılar. Almanlar onun motorlu qayığını şiddətli atəşə tutanda, Xudaquliyev özünü itirmədən dəqiqliklə düşmənin projektorunu sındıraraq desantçıları itki vermədən sahilə çatdırıb. Həmyerlimiz ikinci reysdə də gecə zülmət qaranlıqda düşmənin atəş nöqtəsini məhv etməyi bacarıb. Təsəvvür edin: şiddətli atəş, sularda yırğalanan qayıq, istənilən anda öldürülə biləcəyini anlayan əsgərin dəqiq atəşləri. Və ya atəş altında işləyən istehkamçılar, yaralıları güllə yağışı altında daşıyan sanitarlar. Buna necə heyrətlənməmək olar! Kitabı oxuyan hər kəs başa düşəcək ki, həmyerlilərimiz Böyük Vətən Müharibəsi cəbhələrində nə qədər cəsur və igid olublar. Bu, elə bir qəhrəmanlıqdır ki, mən bunun barəsində yazmaya bilməzdim.
Gələcək planlarınızda nə var?
- Zabit heyətinin təltif olunduğu Aleksandr Nevski ordeninin kavalerləri barədə yazmaq istəyirəm. Materialların bir hissəsi artıq toplanıb. Və Şöhrət ordeni kavaleri haqqında kitabımı I dərəcəli Şöhrət ordeni ilə təltif olunmuş döyüşçülər barədə hekayə ilə tamamlamaq istəyirəm. Onların da arasında minlərlə həmyerlimiz olub. İstəyirəm ki, təkcə biz deyil, bizim nəsillərimiz də özünümüdafiə hissini dəf edərək dünyanı faşizmdən qurtarmaq üçün canını fəda etmiş insanların qəhrəmanlıqları barədə bilsinlər. Bir mahnıda deyildiyi kimi, “Onun necə oğlan olduğunu unutmayın!”.
Söhbət etdi Leyla Məmmədova