Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli respublikada dinin dövlətdən ayrılması fikri ilə razı deyil.
“Mən Azərbaycanda guya dinin dövlətdən ayrı olması fikri ilə razı deyiləm. Din dövlətdən ayrıla bilməz, hökumətdən ayrıla bilər. Biz tənzimlənməsində dinin böyük rol oynadığı cəmiyyətdə yaşayırıq”, - deyə H.Rəcəbli çərşənbə axşamı din xadimləri üçün təkmilləşdirmə kurslarının açılmasına həsr olunmuş tədbirdə bildirib.
Deputatın sözlərinə görə, Azərbaycanda çoxlu sayda məscid bərpa və inşa edilib. Buna əsaslanaraq “din dövlətdən ayrıla bilməz”.
O, həmçinin vurğulayıb ki, dünyada dindən siyasi rıçaq kimi də geniş istifadə olunur.
“Konfliktologiya kimi elm mövcuddur. Münaqişə yaradan ən böyük problem konfessiyalar arasında əlaqələrin olmamasıdır. Əgər hər hansı dövlətin işinə müdaxilə etmək istəyirlərsə, orada mütləq ki, sünni və şiə və ya xristian və müsəlman məsələsini qaldırırlar”, - deyə H.Rəcəbli bəyan edib.
“Bu siyasi texnologiya rıçaq kimi dünyada geniş istifadə olunur. Bu səbəbdən mən bu kursların yaradılmasını dəstəkləyirəm”, - deyə o qeyd edib.