Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sabirabad rayonunda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF Sabirabad rayonunda 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının; pendir istehsalı və meyvəqurutma müəssisələrinin; intensiv bağçılıq təsərrüfatlarının; ixtisaslaşmış “yaşıl market”in; çörək istehsalı üzrə zavodun yaradılması üzrə layihələrin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Sabirabad rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib. 2014-cü ildə fond 280 mln. manat kredit verməyi planlaşdırır.