Ukrayna Rusiya prezidentinin Krım Muxtar Respublikasına və Sevastopola səfər faktını ölkənin suverenliyinin kobud şəkildə pozulması hesab edir. Bu barədə Ukraynanın Azərbaycandakı səfirinin müavini Rüstəm Rüstəmov bəyan edib.
“Mayın 9-da Putin işğal edilmiş Krıma səfər edərək hərbi paradı qəbul edib. Bu, Ukraynanın suverenliyinin kobud şəkildə pozulması deməkdir. Krım və Sevastopol Ukrayna ərazisidir və orada Ukrayna qanunları qüvvədədir”, - deyə R.Rüstəmov çərşənbə günü Bakıda mətbuat konfransında bildirib.
O, həmçinin vurğulayıb ki, Ukrayna tərəfindən Rusiya prezidentinə dəvət məktubu göndərilməyib.
“Qeyd etmək istəyirəm ki, belə səfərlərin həyata keçirilməsi üçün beynəlxalq hüquq normaları mövcuddur, səfərlər ev sahibinin dəvəti və ya onunla razılıq əsasında həyata keçirilir. Konkret olaraq bu hadisədə Ukrayna tərəfindən dəvət göndərilməyib və bu səfər Ukrayna ilə razılaşdırılmayıb”,- deyə o qeyd edib.
Diplomat ATƏT missiyasının bu yaxınlarda dərc edilmiş hesabatına istinad edərək bildirib ki, “Rusiya xilaskardan dünya miqyaslı təcavüzkara çevrilib. Hesabatda işğal edilmiş Krım Muxtar Respublikasında ukraynalıların və krım tatarlarının hüquqlarının kobud şəkildə pozulmasndan narahatlıq ifadə olunur.
R.Rüstəmov Donetsk və Luqansk vilayətlərində keçirilən referendumla bağlı bildirib ki, bu referendumlara Rusiya tərəfindən sponsorluq edilib və səsvermədə bu regionların əhalisinin yalnız 10%-i iştirak edib.
“Seçki məntəqələrində məqsədyönlü şəkildə növbələr yaradılmışdı ki, KİV-lərə guya səsvermədə əhalinin böyük hissəsinin iştirak etdiyini nümayiş etdirsinlər”,- deyə o bildirib.
Onun sözlərinə görə, Ukraynada, xüsusən də ölkənin cənub-şərq vilayətlərində sabitliyin pozulması tədbirlərinə uzun müddət hazırlıq gedib.
“Bizim xüsusi xidmət orqanlarımızın əməkdaşları Ukraynada sabitliyin pozulması üçün müəyyən alqoritmlər hazırlamış agentlər şəbəkəsini aşkarlayıblar və Krımın işğalından sonra Luqansk vilayətinin işğalı ssenarisini ələ keçiriblər”, - deyə R.Rüstəmov bildirib və əlavə edib ki, bir sıra sənədlər internet saytlarında dərc edilib.
F.İsazadə