Azərbaycan hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) ölkədə ofisin açılmasına dair danışıqlar aparır. Bu barədə çərşənbə günü jurnalistlərə təşkilatın baş direktoru Frensis Qarri bildirib.
F.Qarri bunun mürəkkəb məsələ olduğunu deyib və vurğulayıb ki, bir çox ölkə WIPO-nun ofisinin açılmasını arzu edir.
İşğal olunnmuş ərazilərdə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinin mənimsənilməsi faktlarına necə münasibət göstərməsi barədə suala cavabında F.Qarri qeyd edib ki, qloballaşma şəraitində ənənəvi mədəni dəyərlər daha zəif olur. “Bunu nəzərə alaraq, biz hər ölkənin mədəniyyətinin spesifik xüsusiyyətlərinin qorunması yollarını axtarırıq”, - deyə o qeyd edib.
F.Qarri vurğulayıb ki, Azərbaycana səfərinin məqsədi WIPO ilə ölkə arasında əlaqələri möhkəmləndirmək, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.
Xəbər verildiyi kimi, F.Qarrinin səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması planlaşdırılır. Səfər mayın 15-dək davam edəcək.
Azərbaycan 1995-ci ildən WIPO-nun üzvüdür.