Avropa Yayım Birliyi mayın 10-da Kopenhagendə keçirilmiş “Eurovision-2014” mahnı müsabiqəsinin nəticələri barədə məlumat yayıb.
Münsiflərin və tamaşaçıların verdiyi xallar ayrı-ayrılıqda göstərilib ki, bu da qiymətləndirmədəki fərqi görməyə və yekun nəticələrin hesablanma məntiqini şübhə altına qoymağa imkan verir.
37 ölkənin peşəkar münsifləri Azərbaycan təmsilçisi Dilarə Kazımovanı çox yüksək qiymətləndirib və onu 8-ci yerə layiq görüb, lakin o, 22-ci yeri tutub. Dilarənin ifa etdiyi «Start a Fire» mahnısı müsabiqə başlamamışdan əvvəl jurnalistlər, fanlar və bukmeykerlər tərəfindən yaxşı qarşılanmışdı. Mahnı bukmeykerlərin proqnozlarına görə TOP-12-də, Eurovision saytlarına əsasən isə TOP-5-də yer alırdı.
Münsiflər D.Kazımovanı 8-ci, tamaşaçılar isə 21-ci yerə layiq görüblər. Lakin o, nədənsə 22-ci yerdə olub. 21-ci yerdə isə təmsilçimizlə eyni xal toplayan İtaliya nümayəndəsi qərarlaşıb.
Azərbaycan yeni sistemin tətbiqindən zərər görən yeganə ölkə deyil.
Polşa təmsilçiləri Donatan & Cleo Böyük Britaniya tamaşaçıları tərəfindən birinci, münsiflər heyəti tərəfindən isə axırıncı yerə layiq görülmüşdü. Nəticədə isə yeni qaydalara uyğun olaraq Polşa Böyük Britaniyadan xal ala bilməyib. Belə çıxır ki, tamaşaçıların səslərinə məhəl qoyulmayıb. Səsvermədə daha bir anlaşmazlıq Norveçlə bağlı olub. Bu ölkənin təmsilçisi tamaşaçıların səsverməsinə görə 17-ci, münsiflərin verdiyi xallara əsasən isə 9-cu yerdə, D.Kazımovadan bir pillə aşağıda qərarlaşsa da, yekun cədvəldə 8-ci yerdə olub.
A.Zeydullayeva