Abşeron rayonunda Beynəlxalq Ailə Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Jurnalistlər qarşısında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Hicran Hüseynova qeyd edib ki, bu gün Azərbaycan rəhbərliyi bu istiqamətdə əsası sabiq prezident Heydər Əliyev tərəfindən qoyulmuş güclü siyasət yürüdür.
“Bu siyasətin əsas məqsədi möhkəm ailənin yaradılmasıdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “möhkəm ailə güclü dövlət deməkdir”. Ailələrimizin möhkəmləndirilməsi və qorunması əsas vəzifələrdən biridir”, - deyə o bildirib.
Onun sözlərinə görə, dünyada gedən qloballaşma ailəyə öz təsirini göstərərək onun üçün müxtəlif problemlər yaradır.
“Təbii ki, bu qloballaşma da ailəyə öz təsirini göstərir. Biz problemlərin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirməyə çalışırıq. Xüsusilə gənclər arasında maarifləndirmə işləri aparılır və bu iş öz töhfəsini verir”, - deyə H.Hüseynova qeyd edib.
O, həmçinin bildirib ki, Heydər Əliyev Fondu tərəfindən aztəminatlı, problemli ailələr, eləcə də qaçqın və məcburi köçkün ailələrinin cəlb olunduğu layihələr həyata keçirilir.
“Əminəm ki, yaxın illərdə biz işğal altında olan Şuşa, Ağdam və digər rayonlarda bayrağımızı ucaldacaq və orada tədbirlərimizi keçirəcəyik”, - Dövlət Komitəsinin sədri bəyan edib.
Bayramda Azərbaycanın müxtəlif rayon və şəhərlərindən ailələr iştirak edirlər. Hər bir bölgə və şəhər öz mətbəxini və əl işlərini təqdim edib. Rəssamların sərgisi təşkil olunub.
Azərbaycanın bölgələrinin rəngarəng stendlərindən başqa, Rusiya və Belarusun stendləri də təqdim olunub. Burada milli mətbəx və tətbiqi incəsənət nümunələri yer alıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri ilə söhbətində Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bayram dövlətin həyatının əsas istiqamətlərindən birini nümayiş etdirir.
“Biz bəzən ailənin cəmiyyətin əsas özəyi olduğunu unuduruq. Ailədə münasibətlərin necə qurulmasından, ailələrin necə inkişaf etməsindən ümumilikdə bütün dövlətin rifahı asılıdır”, - deyə o bildirib.
Səfir, həmçinin Azərbaycan rəhbərliyinin ailə məsələlərinə göstərdiyi diqqətini qeyd edib.
“Biz komitənin həyata keçirdiyi işlərin şahidi oluruq. Ölkə rəhbərliyi və prezident İlham Əliyevin şəxsən xalqın rifahının yüksəlməsinə diqqət ayırdığını görürük. Bütün bunlar ailəyə dəstək və yardımın göstərilməsi mexanizmləri və sistemi vasitəsilə həyata keçirilir”, - deyə diplomat vurğulayıb.
Onun fikrincə, bu cür tədbirlərin keçirilməsi böyüyən nəslin tərbiyəsinə müsbət təsir göstərir.
“Ailələrdə gələcək nəsil tərbiyə olunur. Onlar bu gün xörəklərdən tutmuş incəsənət əsərlərinə qədər bizim burada gördüklərimizin şahidi olub və buna vərdiş edən zaman bu cür ailələrdə əsl vətənpərvərlər böyüyəcək və ölkə gələcəkdə də inkişaf edəcək”, - deyə N.Patskeviç qeyd edib.
Qeyd etmək lazımdır ki, Dövlət Komitəsi tərəfindən təşkil olunan tədbir 2006-cı ildən etibarən keçirilir. Əsas məqsədi ictimaiyyətin diqqətini ailə problemlərinə cəlb etməkdir. Bundan başqa, komitə mütəmadi olaraq ailələrdə sülh və tolerantlıq, sağlam həyat tərzi, ailə dəyərələrinin qorunub saxlanılması, o cümlədən fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasına yönəlmiş bir sıra tədbirlər həyata keçirir.