“BP-Azerbaijan” şirkəti 2014-cü ilin I rübündə “Şahdəniz” yatağından 2,32 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 4,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Hesabat dövründə “Şahdəniz” yatağından 0,6 mln. ton kondensat hasil edilib. Yanvar- mart aylarında sutkada orta hesabla 26 mln. kubmetr qaz və 49,33 min barel kondensat çıxarılıb”, - deyə şirkətdən bildirilib.
Yatağın istismara verildiyi 2006-cı ilin sonundan 2014-cü ilin mart ayına qədər 50,3 mlrd. kubmetr qaz və 13 mln. tondan çox kondensat hasil edilib.
Şirkətdən qeyd edilib ki, “BP-Azerbaijan” SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) ilə 2014-cü ilin sonunadək “Şahdəniz” yatağında hasilat sisteminin gücünün sutkada 1 mlrd. 40 mln. kubfut (təxminən 29,450 mln. kubmetr - İF-Az) qaza qədər artırılmasına dair razılıq əldə edib.
“2013-cü ildə texniki optimallaşdırma üzrə işlərin aparılması nəticəsində “Şahdəniz” yatağında hasilat sisteminin maksimal gücü sutkada 966 mln. kubfut qaza (27,350 mln. kubmetr - İF-Az) və 55 min barel kondensata çatdırılıb”, - deyə şirkət nümayəndəsi bildirib.
2013-cü ildə “Şahdəniz” yatağından 9,8 mlrd. kubmetr qaz və 2.48 mln. ton kondensat hasil edilib.
N.Abbasova