Cümə günü Bakı Slavyan Universitetində Azərbaycan gənclərinin Belarus ali məktəblərində təhsil almaq imkanlarının təqdimatı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç məlumat verib.
“Bu gün Belarusun ali məktəblərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib. Sabah Bakı Slavyan Universitetində Azərbaycan məktəblərinin nümayəndələri ilə görüş təşkil olunacaq”, - deyə diplomat bildirib.
Onun sözlərinə görə, BSU-da biznes-birja da keçiriləcək və Belarusun ali məktəblərinə qəbul, təhsil və tələbələrin həyat şərtləri ilə tanışlıq olacaq.
“Bu gün 500-ə yaxın azərbaycanlı tələbə Belarusun ali məktəblərində təhsil alır. Biz bu rəqəmin kiçik olduğunu hesab edirik. Bizim imkanlarımız daha artıqdır”, - deyə o qeyd edib.
Diplomat vurğulayıb ki, Belarus ali məktəblərinin xüsusiyyəti ondan ibarətdir ki, məzunlar elmi nailiyyətlərini iqtisadiyyatın real sektoruna daha asanlıqla tətbiq edə bilərlər: “Bu, çox vacibdir, çünki ali məktəbi bitirən tələbə iqtisadiyyatın real sektoruna yalnız hər hansı biliyini reallaşdırmağı deyil, yaradıcı iş, elmi fəaliyyətlə məşğul olmağı nəzərdə tutan mütəxəssis kimi gəlir”.
N.Patskeviç, həmçinin Azərbaycan rəhbərliyinin ölkədə elmin inkişafına diqqət göstərdiyini qeyd edib. “Azərbaycanda elmin inkişafına necə böyük diqqətin ayrıldığı bizə məlumdur və son illərdə bu istiqamətdə bir sıra əməli tədbirlərin şahidi oluruq. Azərbaycan və Belarusun elmi müəssisələrinin necə fəal əməkdaşlıq etdiyini görürük. Bu gün iki ölkənin alimləri ondan artıq birgə layihə üzərində çalışırlar. Əgər biz tələbə və abituriyentləri bu prosesə cəlb etsək, bu, yalnız ümumi işin xeyrinə olacaq”, - deyə N.Patskeviç bildirib.